SUMQAYITDA YENİ İNTERNAT BİNASI TİKİLİR
Sumqayıtdakı 5-ci mikrorayonda, fiziki və əqli inkişafı geri qalmış uşaqlar üçün internat məktəbinin ərazisində 260 şagird yeri olacaq yeni binanın tikintisi sürətlə davam edir. Müasir tədris korpusunu respublika Təhsil Nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib gəlmiş “Elnur-2” universal tikinti-kommersiya şirkəti inşa edir.
AZƏRTAC xəbər verir ki, ixtisaslaşdırılmış internat binasının tikintisində olmuş Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev işlərin gedişi və keyfiyyəti ilə tanış olmuşdur. Bildirilmişdir ki, yeni binanın tikintisi keçən ilin sentyabr ayında başlanmışdır. Yeni dərs ili başlanana qədər bu tikintinin başa çatdırılması nəzərdə tutulur. Kompleks üç korpusdan ibarət olacaqdır. Liftlə təchiz edilmiş üçmərtəbəli tədris korpusunun binasında 30 sinif olacaqdır. 100 yerlik yataq korpusu ikimərtəbəli binada, yeməkxana və idman zalı isə başqa ikimərtəbəli korpusda yerləşəcəkdir.
İnternat-məktəbin ayrıca su təchizatı, mini-qazanxanası, açıq hovuzu, xüsusi trenajorları, müasir mebeli olacaqdır.
Xatırladaq ki, fiziki və zehni inkişafı geri qalan uşaqlar üçün 1996-cı ildə yaradılmış ixtisaslaşdırılmış internat hazırda uşaq bağçasının uyğunlaşdırılmış binasında fəaliyyət göstərir.