SUMQAYITIN 9 AYDA İNKİŞAFININ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında demişdir ki, hazırda bütün dünya Azərbaycanın nailiyyətlərini və onun Prezidentinin siyasətini layiqincə qiymətləndirir. Ötən 9 ayda ümumi daxili məhsulun 34 faiz artımı dünyada ən yüksək göstəricidir. Respublika beynəlxalq iqtisadi məkana uğurla inteqrasiya edir.
Şəhərin rəhbəri bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin daxili siyasətinin öncül istiqaməti olan regionların sürətlə inkişafı konsepsiyası hazırda, bütün bölgələr kimi, intensiv inkişaf edən Sumqayıtda da uğurla həyata keçirilir. O, son üç ildə şəhərdə baş vermiş qlobal dəyişikliklərdən söhbət açaraq xüsusi vurğulamışdır ki, qazanılan uğurların hamısı ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il aprelin 3-də fəallar yığıncağında verdiyi tapşırıqların nəticəsidir.
“Sumqayıtın 2006-cı ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsində şəhərin bütün sahələri və qurumlarının fəaliyyətinin ətraflı təhlili verilmişdir.
Çıxışlarda bildirilmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində şəhərdə 9 ayda 5400-dən çox, son üç ildə isə təxminən 22800 yeni, o cümlədən 9500 daimi iş yeri açılmışdır. İstehsalın və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,4 faiz artmış, 186,4 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. İstehsalda özəl bölmənin payı artmışdır. Sənayedə çalışan işçilərin orta əmək haqqı 152 manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 48,1 faiz çoxdur. Şəhərdə 24 bankın və 9 sığorta şirkətinin filialları uğurla fəaliyyət göstərir.
Gücü 517 meqavat olan istilik-elektrik stansiyasının, sənaye və sosial təyinatlı bir sıra digər vacib obyektlərin tikintisi sürətlə gedir.
Vaxtında qəbul edilmiş qərarlar və son iki ayda görülmüş təxirəsalınmaz tədbirlər sayəsində əhalinin sərf olunmuş məişət qazı üçün abonent borcu xeyli azalmışdır.
İclasda şəhər üçün vacib bir sıra problemlər də müzakirə olunmuşdur.