Sumqayıtlı fidanların bayram sevinci
Sumqayıt, 26 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 67 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunan bayram şənliyində iştirak edib.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə fidanları təbrik edən Zakir Fərəcov gələcəyimiz olan uşaqlara cansağlığı, xoşbəxt həyat, sevinc dolu günlər və Vətənə layiqli övlad olmalarını arzulayıb. O, çıxışında bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar diləyib.
Əsl bayram ovqatına köklənən Yeni il şənliyində maraqlı musiqili-bədii proqramla çıxış edən uşaqlar mahnı və şeirlər səsləndirib, rəqslər ifa ediblər. Səhnəciklər, oyunlar və viktorinalarda həvəslə iştirak edən balacalar bayram sevincini qonaqlarla bölüşüblər.
Tədbirin sonunda uşaqlara şəhər icra hakimiyyətinin hədiyyələri təqdim edilib.