Sumqayıtlıların ümummilli lider Heydər Əliyevin xatirəsinə məhəbbəti sonsuzdur
Sumqayıt, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycanın hər bir guşəsində bütün ömrünü xalqa xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilir. Bu əlamətdar gündə on minlərlə sumqayıtlı görkəmli şəxsiyyət, əsl vətənpərvər, ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi qarşısına gəlmişdir. Şəhərin mərkəzində, ulu öndərin adını daşıyan prospektdə abidəyə bitişik meydan çox təntənəli bir görkəm almışdı.
Mərasim iştirakçıları görkəmli dövlət və siyasi xadim, böyük azərbaycanlı Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Vaxtilə “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam!” deyən ümummilli lider azərbaycanlı adını əlçatmaz zirvələrə qaldırmışdır.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli professor Mustafa Salahov və Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev abidənin qarşısına al qızılgüllər qoymuşlar.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Ümummilli liderin gələcəyi irəlicədən görmək kimi fenomenal qabiliyyəti respublikamızın perspektivli, dinamik inkişafının əsasını qoymuşdur. İndi Azərbaycan regionun sabit inkişaf edən lider ölkəsidir. Ardı-arası kəsilməyən insan seli ölkəmizin ən yeni tarixinə misilsiz töhfə vermiş ulu öndərin xatirəsi qarşısında baş əymək üçün abidəyə tərəf axışırdı. Reproduktorlardan Heydər Əliyevə həsr olunmuş mahnılar səslənirdi.
Milli Məclisin deputatları Muxtar Babayev, Musa Qasımlı, Hacı Salayev, habelə şəhərin hüquq mühafizə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların rəhbərləri, özəl sektorun və ictimaiyyətin nümayəndələri abidə qarşısına ilk gülqoyanlar sırasında olmuşlar.
Qeyd edək ki, ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində bütün əmək kollektivlərində, təhsil müəssisələrində, səhiyyə və mədəniyyət ocaqlarında tematik tədbirlər keçirilmiş, idman turnirlərinə, yaradıcı müsabiqələrə yekun vurulmuşdur.
######
![]() |
![]() |

