CƏMİYYƏT
Suraxanı rayonunda tibb işçilərinin peşə bayramı böyük təntənə ilə qeyd edilmişdir
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun tibb işçiləri əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzmüşlər.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin Suraxanı rayonundakı Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət etmişlər.
Mərkəzin elektron lektoriya zalında təşkil olunmuş tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin uğurlarından danışmışdır.
Sevinc Hüseynova vurğulamışdır ki, bir sıra dövlət proqramlarının reallaşmasında Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu diabetli, talassemiyalı xəstələrin müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır. Fond, eyni zamanda, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikmiş və bu tibb ocağını ən müasir avadanlıqlarla təchiz etmişdir.
Məlumat verilmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqranı”nın icrası nəticəsində rayonda 2 poliklinika 6 xəstəxana, 3 nömrəli doğum evi əsaslı təmir olunmuş, 16 nömrəli uşaq poliklinikası üçün yeni bina tikilmiş və bu tibb müəssisələri ən müasir avadanlıqlarla təchiz olunmuşdur.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla yekunlaşmışdır. Rayon üzrə 187 min 708 nəfər sakin tibbi müayinədən keçmişdir. Aşkarlanmış xəstəliklər nəticəsində 4 min 224 nəfər ambulator, 391 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Bildirilmişdir ki, istilərlə əlaqədar yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artdığını nəzərə alaraq rayon icra hakimiyyətinin və Səhiyyə Nazirliyinin Bakı Şəhər Dezinfeksiya Stansiyasının Suraxanı regional bölməsinin birgə təşkilatçılığı ilə iyunun 2-dən 15-dək fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin sıx yaşadıqları yataqxana və binalarda profilaktika məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi dezinseksiya, deratizasiya və dezinfeksiya işləri aparılmışdır.
Tədbirdə çıxış edən tibb işçiləri Südabə Yaqubova, Adilə Abdullayeva və Sevinc Hidayətova Azərbaycan səhiyyə sisteminin sürətlə müasirləşdiyini qeyd etmişlər. Bildirilmişdir ki, səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Sonda bir qrup səhiyyə işçisi rayon əhalisinin tibbi müayinələrdən mütəşəkkilliklə keçirilməsində fəal iştirakına görə fəxri fərmanlarla təltif olunmuşlar.