Suraxanıda növbəti səyyar görüş keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Suraxanıda rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə 16 səyyar görüş keçirilmiş və bu görüşlərdə 650 nəfərə yaxın sakin iştirak etmişdir.
Əmircan qəsəbəsi Tofiq Bağırov və Neftçilər küçələrinin kəsişməsində sakinlərlə keçirilən görüşdə rayon rəhbəri Prezident İlham Əliyevin sədrliyi ilə cari il martın 9-da Bakı şəhərinin və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlardan danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısı müşavirədən sonra mövcud vəziyyətlə tanış olmaq üçün Bakıətrafı qəsəbələrə baş çəkmişdir. Dövlət başçısı martın 31-də və aprelin 11-də Suraxanı rayonunda olmuşdur.
Martın 31-də Prezident İlham Əliyevin Bülbülə qəsəbə sakinlərinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlar çox qısa bir zamanda öz həllini tapmışdır.
Prezidentin təşəbbüsü və müvafiq göstərişi ilə Bakıətrafı qəsəbələrdə yollar abadlaşdırılır, su və kanalizasiya xətləri çəkilir, bərpa olunur, genişmiqyaslı işlər aparılır.
Dövlət başçısının 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda bütün qəsəbələrin yol, kommunikasiya, infrastruktur problemlərinin həlli nəzərdə tutulmuşdur. Proqramın icrası nəticəsində Bakı, onun qəsəbələri daha da müasirləşəcək və inkişaf edəcəkdir. Əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə çox güclü təkan verəcəkdir.
Dövlət Proqramında Suraxanı rayonu ilə əlaqədar 102 bənd vardır. Proqramın icrası rayonun bütün qəsəbələrini, o cümlədən Əmircan qəsəbəsini də əhatə edəcəkdir.
Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş, onların həlli nəzarətə götürülmüşdür.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
######
