Şuşa sakini: Bu gözəl günləri bizə yaşadan Müzəffər Ali Baş Komandana minnətdarıq
Bakı, 19 avqust, Səlim Rəhimzadə, AZƏRTAC
Otuz ildən sonra biz doğma Şuşamızdayıq. Bu, bizim üçün ən gözəl hisslərdir. Bunu sözlə ifadə etmək çətindir. Bu gözəl günləri bizə yaşadan Müzəffər Ali Baş Komandana, qəhrəman Vətən övladlarına, hərbçilərimizə, qazilərimizə, şəhidlərimizə, onların valideynlərinə və övladlarına ömür boyu minnətdar olacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri işğaldan azad edilən Şuşaya ilk dəfə səfər edən şəhər sakini Əzizə Qədirxanova deyib.
Böyük sevinc və qürur hissi yaşadığını vurğulayan Şuşa sakini bildirib: “Yaşlı nəslin nümayəndəsi kimi respublikamızın qurub-yaradan Ali Baş Komandanımıza Allahdan uzun ömür, möhkəm cansağlığı diləyirəm. Əminəm ki, Prezidentimiz gözəl Şuşamıza, azad edilmiş digər torpaqlarımıza yenidən həyat qaytaracaq.
Şuşadan çıxdığım ərazini yaxşı xatırlayıram. Böyük bir toxuculuq sexində işləyirdim. Çox gözəl kollektivimiz var idi. Allah qismət eləsin tezliklə buralar bərpa olunandan sonra o sexi işə salıb yenidən istifadəyə verək. Şəhərin gözəl yerində yaşayırdım”, - deyə Əzizə Qədirxanova bildirib.