Şuşa şəhər musiqi məktəblilərinin konserti olub
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şuşa şəhər musiqi məktəbinin şagirdləri “Şuşanın sədaları” adlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, tədbiri Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov açaraq Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində respublikanın hər bir bölgəsində keçirilən musiqi bayramından danışıb. “Bu gün ulu öndər Heydər Əliyev ənənələri böyük məhəbbətlə yaşadılır. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə göstərilən bu hörmət, Azərbaycan musiqisinə verilən dəyərdir. Respublikamızın musiqi ictimaiyyətinin böyük məhəbbətlə keçirdiyi musiqi bayramına Şuşa şəhər musiqi məktəblərinin şagirdləri də qoşulub”, - deyə Əməkdar artist vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Milli Musiqi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu gün müqəddəs gündür və respublikamızın bütün kənd, qəsəbə və şəhərlərində musiqi bayramı keçirilir: “Artıq bu gün Beynəlxalq status alıb. Biz bu festivalın gözəl günlərini yaşamışıq. Hər gün 2-3 tədbirimiz olur. Elə bu gün Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr etdiyimiz çox gözəl bir konfransımız oldu. Çünki Üzeyir tükənməz bir xəzinədir. İndi də bu gözəl salonda “Şuşanın sədaları” konserti keçirilir. Qoy şuşalı uşaqların səsi daim yüksəkliklərdən gəlsin. Biz onları alqışlayırıq. Bu arzu ilə də yaşayaq. Onların səsi Şuşadan, Cıdır düzündən gəlsin”.
Tədbirin bədii hissəsi tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun ”Cümhuriyyət marşı” əsərinin ifası ilə başlayıb. Qeyd edək ki, Təranə Yusifovanın idarəsi, Əməkdar artist İlham Nəcəfonun müşayiəti ilə Xor kollektivinin ifa etdiyi bu əsər ilk dəfə səsləndirilirdi və dinləyicilərin böyük rəğbəti və alqışları ilə qarşılandı.
Konsertdə Şuşa Humanitar Kollecinin tələbələri, həmçinin Şuşa Malıbəyli kənd musiqi məktəbinin, Bülbülcan adına musiqi məktəbinin, Şuşa İncəsənət məktəbinin şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.
Şuşa İncəsənət Məktəbinin “Təbəssüm” rəqs qrupu gözəl rəqs nömrələri ilə konsertə rəngarənglik qatıb.
Konsert “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.
Sonunda Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə olmaqla tədbir iştirakçılarını Üzeyir Musiqi Bayramı münasibətilə təbrik edib və hamıya öz dərin təşəkkürünü bildirib.