Şuşanın dağları başı dumanlı...
Bakı, 8 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon 53 nömrəli tam orta məktəblə birgə Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalının 27-ci ildönümünə həsr olunmuş “Şuşanın dağları başı dumanlı” adlı tədbir təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açaraq Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalı barədə məlumat verib.
Kitabxananın əməkdaşı İradə Hüseynova erməni qəsbkarları tərəfindən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrinin dağıdılmasından, 25 məktəb, 31 kitabxana və 8 mədəniyyət evinin talan edilməsindən söhbət açıb.
Sonra Şuşaya həsr olunmuş videoçarx nümayiş olunub, məktəbin şagirdləri şeirlər söyləyiblər.