Syerra-Leone hökuməti Ebola ilə mübarizədə mühüm uğurlar əldə edib
Bakı, 26 avqust, AZƏRTAC
Syerra- Leone hökuməti Ebola virusu ilə mübarizədə mühüm uğurlar əldə edib.
AZƏRTAC BMT-nin İnformasiya mərkəzinə istinadla xəbər verir ki, Syerra-Leonedə Ebola qızdırmasından xəstəxanada müalicə alan sonuncu xəstə evə buraxılıb. Dünya Səhiyyə Təşkilatı təhlükəli qızdırmaya qarşı mübarizədə bu ölkənin hakimiyyəti və xalqının qətiyyətli səylərini alqışlayıb.
“Xəstə iki dəfə sınaqdan keçirildikdən sonra evə buraxılıb. Yalnız 42 gündən sonra deyə bilərik ki, Syerra-Leonedə virusunun yayılmasının qarşısını almaq mümkün olub”,-deyə Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Tarik Yasareviç bildirib. Onun sözlərinə görə, Syerra-Leone üçün bu, mühüm nailiyyətdir. Amma müsbət nəticələrə gətirib çıxaran intensiv işi davam etdirmək lazımdır.
Liberiyada Ebolanın yayılmasının qarşısı alınıb. Amma sonra ölkədə daha bir xəstəlik aşkar edilib. İndi orada yeni inkubasiya müddəti elan edilib.
Qvineyada isə virusun yayılmasını tam dayandırmaq mümkün olmayıb. Bu ölkədə orta hesabla hər həftə təxminən üç yeni yoluxma qeydə alınır.