Tanınmış musiqişünas Zemfira Qafarovanın 80 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarovanın 80 illik yubileyi münasibətilə yeni nəşr olunmuş “Seçilmiş məqalələr” adlı kitabının təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova məlumat verib.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Zemfira Qafarovanın zəngin elmi axtarışlarından danışıb və onun musiqi irsimizin tədqiqi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. Deyib ki, musiqişünas Zemfira Qafarova bir sıra bəstəkarlarımızın həyat və yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Üzeyir Hacıbəylinin "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub və Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə yubilyarı təbrik edərək onun elmi yaradıcılığından söhbət açıb. Bildirib ki, Zemfira Qafarovanın tədqiqatları içərisində ən yüksək yeri Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə həsr etdiyi araşdırmaları və bilavasitə "Koroğlu" operası ilə bağlı monoqrafiyası tutur. Zemfira Qafarova o dəyərli musiqişünaslardandır ki, elmi yaradıcılığı və fəaliyyəti yalnız bir mövzu çərçivəsində qalmır. O, 50 ilə yaxın davam edən fəaliyyəti dövründə bir sıra görkəmli bəstəkarlarımızın yaradıcılıq irsinə, ilk dəfə olaraq, monoqrafik tədqiqatlar həsr edib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professorları Gülnaz Abdullazadə, Ülviyyə İmanova, İmruz Əfəndiyeva, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, tanınmış musiqişünas Raya Abbasova və başqaları Zemfira xanımın yaradıcı fəaliyyətini müxtəlif rakurslardan işıqlandırıblar.
Bildirilib ki, “Renessans” nəşriyyatında çap olunmuş kitabın tərtibçi-redaktoru musiqişünas, BMA-nın dissertantı Nərgiz Qulamovadır. Üç hissədən ibarət məqalələr toplusuna Zemfira Qafarovanın dərc olunmuş məqalələri və müsahibələri, onun haqqında yazılmış məqalə və müsahibələr, Zemfira xanımın 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları daxildir.
Qeyd edilib ki, Zemfira Qafarova tədqiqatçı-alim, pedaqoq və ictimai xadim kimi Azərbaycan musiqişünaslığına dəyərli töhfələr verib. Onun Azərbaycanın görkəmli bəstəkarları haqqında yazdığı monoqrafiya, müxtəlif tədbirləri əks etdirən məqalə və resenziyalar, televiziya və radio verilişlərində və konsert salonlarında çıxışları Azərbaycan mədəniyyət tarixinin əvəzsiz xəzinəsidir. Zemfira Qafarovanın çoxşaxəli yaradıcılığında pedaqoji fəaliyyəti də önəmli yer tutur. Onun illərdir yetişdirdiyi musiqiçilər hazırda professional fəaliyyətləri ilə məşğul olaraq uğurlar qazanırlar. Peşəkar pedaqoq, həmçinin qələmi tükənməyən musiqişünas kimi o, öz işinə daim məsuliyyətlə yanaşır. Həm Bakı Musiqi Akademiyasında, həm də Bəstəkarlar İttifaqında Zemfira xanım professional musiqişünas, incəsənət xadimi, qayğıkeş müəllim, eyni zamanda, xeyirxah insan, səmimi dost və güclü qadın kimi çoxlarına örnəkdir.
Sonra konsert proqramı təqdim edilib. Konsertdə Zemfira xanımın yaradıcılıqlarını tədqiq etdiyi bəstəkarların - Üzeyir Hacıbəyli, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Hacı Xanməmmədov, Şəfiqə Axundovanın əsərləri səsləndirilib. İfaçılar - Xalq artistləri Gülyanaq Məmmədova (xanəndə), Ülviyyə Hacıbəyova (piano), Əməkdar artist Sahib Paşazadə (tar), Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), Fəxri Kazım-Nicat (vokal) tədbirə xüsusi rəng qatıblar.
Sonda gecənin səbəbkarı bütün qonaqlara dərin təşəkkürünü bildirib, təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivə ürək sözlərini və minnətdarlığını çatdırıb.
Tədbirdə Üzeyir Hacıbəylinin irsinin tədqiqatı və təbliği istiqamətində gördüyü işlərə görə Zemfira Qafarova Bəstəkarlar İttifaqı tərəfindən “Üzeyir Hacıbəyli” medalı ilə təltif olunub.