Tanınmış şair Qəşəm Nəcəfzadənin oxucularla silsilə görüşləri təşkil olunub
Bakı, 22 may, AZƏRTAC
Biləsuvar, Sabirabad və İmişlidə tanınmış şair Qəşəm Nəcəfzadə ilə silsilə görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Mübariz İbrahimov adına Təhsil Kompleksində “Sözün işığı – Qəşəm Nəcəfzadə ilə uşaq dünyasından vətənə uzanmış misralar” adlı görüşün əsas məqsədi gənc nəslin ədəbiyyata marağının artırılması, uşaq ədəbiyyatının mahiyyətinin şagirdlərə daha yaxından çatdırılması və mənəvi dəyərlərin təbliği olub. Görüşün ana xəttini uşaq ədəbiyyatının incəlikləri, onun böyüməkdə olan nəslin mənəvi dünyasının formalaşmasında oynadığı əvəzsiz rol təşkil edib.
Səmimi və maraqlı söhbətləri ilə iştirakçıları sözün sehrli aləminə aparan Qəşəm Nəcəfzadə uşaq qəlbinin saflığından, həmin saflığa toxunmağın ən gözəl yollarından birinin məhz şeir və sənət olduğunu vurğulayıb. O bildirib ki, ədəbiyyat sadəcə kitab səhifələrində qalan sözlər deyil, insanın mənəvi dünyasını zənginləşdirən, vətən sevgisi və insani dəyərləri aşılayan güclü vasitədir.
İmişli rayonunun “Ölcələr” kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş məktəblilərin hazırladığı ədəbi – bədii kompozisiya ilə başlayıb. Müəllif haqqında qısa film nümayiş olunub.
Sabirabadda təşkil olunan görüş isə Mil-Muğan regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilib. Rayon gəncləri şairin şeirlərini əzbər söyləyib və şairə müasir ədəbi proses haqqında maraqlı suallar ünvanlayıblar.
Hər üç tədbirdə Qəşəm Nəcəfzadə belə görüşlərin əhəmiyyətini qeyd edib, çoxsaylı sualları cavablandırıb, şeirlərini oxuyub və yeni çapdan çıxmış kitablarını oxuculara hədiyyə edib.