Tarix Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin ikinci hissəsinin açılışı olub
Bakı, 4 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Zəfər Günü münasibətilə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin ikinci hissəsinin açılışı olub. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Açılış mərasimində muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov bildirib ki, sərginin təşkil olunmasında məqsəd Azərbaycan hərbçilərinin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir. Azərbaycanın Vətən müharibəsində parlaq Qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi əsgər və zabitlərimizə məxsus eksponatlar əsasında qurulub.
F.Cabbarov Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun göstərdiyi şücaətlərdən danışıb, şanlı tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə daim qorunacağını deyib.
Sərgi haqqında muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri dosent Səbuhi Əhmədov çıxış edib. Qeyd edilib ki, sərgidə Vətən müharibəsi şəhidlərindən 104-nün və 10 qazinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib. Burada Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulub. Eyni zamanda, muzeydə Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim və ləvazimatlar, ümumilikdə 30 vitrində 350 eksponat, 12 informasiya-məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil sərgilənir.
Akademik Nərgiz Axundova çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. O, tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçılarına, qazilərə öz minnətdarlığını bildirib.
Vətən müharibəsi iştirakçıları, gizirlər Nicat Zalov və Şiraz Həsənov keçdikləri döyüş yolundan bəhs ediblər.
Muzeydə, həmçinin “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə müharibə zamanı düşmən tərəfindən Azərbaycanın şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri nümayiş olunur.
Sonra mərasim iştirakçıları sərgi ilə yaxından tanış olublar.