Tarix Muzeyində Şahsuvarovlar nəslinin üç varisinə həsr olunan tədbir keçirilib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Şahsuvarovlar nəslindən üç varis” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün tələbələri Mürsəl və Surxay bəy Şahsuvarovlara və həmin dövrdə maarif naziri olmuş Nurməmməd bəy Şahsuvarova həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin elmi işçisi Sahibə Ələkbərova Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan S.Ələkbərova Sərəncama uyğun olaraq muzeydə müxtəlif mövzularda tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, Cümhuriyyət dövründə elmə, təhsilə, mədəniyyətə xüsusi önəm verildiyini bildirib.
Sonra tədqiqatçı-jurnalist Vəsilə Sahsuvarlı, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev və digər çıxış edənlər Şahsuvarovlar nəsli, onların həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tələbələri haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, Laçında anadan olan, AXC dövründə Almaniyanın ali məktəblərində təhsil alan, həmin ölkədə elmi tədqiqatlar aparan, sonra doğma Azərbaycana qayıdaraq elmi fəaliyyətlərini uğurla davam etdirən Mürsəl və Surxay bəy Şahsuvarovlar repressiya illərində sürgünə göndəriliblər. Bir müddət sürgün həyatı yaşayan Şahsuvarovlar yenidən doğma Vətənə qayıdıblar.
Natiqlər Şahsuvarovlar nəslinin elmə, cəmiyyətə verdiyi töhfələrdən, onların vətənpərvərliyindən, milli təəssübkeşliyindən danışıblar.
Mürsəl bəy Şahsuvarovun qızı, tibb elmləri doktoru Vera Şahsuvarlı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.