“Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində şəhid Vüsal Babayev haqqında material hazırlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində qalibiyyət sevincini Azərbaycan xalqına yaşadan və tarixə adlarını qəhrəmanlıqları ilə yazdıran igid oğullar haqqında materiallar toplayır və ictimaiyyətə təqdim edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində döyüş yoldaşını xilas edərkən şəhid olan zabit, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Vüsal Babayev haqqında məlumat hazırlanıb.
Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbi bitirib, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib, daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olan Vüsal 2015-ci ildə Yerüstü artilleriya tağım komandiri kursunu bitirib.
2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi Vətəni canından artıq sevən igid zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanıb. Cəsur komandir, nümunəvi ailə başçısı Vüsal Babayev 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, iki övladı yadigar qaldı. Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb.