“Tariximizi tarix yazanlar danışsın” adlı layihə davam edir
Gəncə, 25 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Vətən müharibəsi Zəfərinin ildönümü münasibətilə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Gəncə şəhər şöbəsinin təşəbbüsü və Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə Gəncə şəhərində “Tariximizi tarix yazanlar danışsın” adlı layihə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi işğaldan azad olunan rayonların ildönümü tarixində Gəncə şəhərində yerləşən bir neçə məktəbdə həmin gün tarix dərsini rayonun işğaldan azad olunmasında iştirak edən qazilərin keçməsidir.
Növbəti dərs Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə oktyabrın 25-də Gəncə şəhərinin 8 və 38 saylı məktəblərində tarix dərsini Qubadlının işğaldan azad olunmasında iştirak edən qazilər Mehrab Nərimanlı və Hüseyn Abbasov keçib. Onlar döyüş yollarından danışıb, şagirdlərə Zəfər tarixi barədə ətraflı məlumat veriblər.
Dərs şagirdlərin böyük marağına səbəb olub və sual-cavab formasında davam edib.