TASS MDB ölkələrinin informasiya agentlikləri və çap nəşrləri üçün seminar təşkil edib
Bakı, 31 oktyabr, AZƏRTAC
TASS-ın MDB ölkələrinin informasiya agentlikləri və çap nəşrləri üçün Moskvada təşkil etdiyi seminar beş ölkədən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Belarusdan olan jurnalistlər arasında əlaqələrin qurulması, təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı üçün platformaya çevrilib.
AZƏRTAC xəbər verir ki, AZƏRTAC, BelTA, Kazinform, Kabar, UzA informasiya agentliklərinin, "Belarus seqodnya" nəşriyyat evinin, "Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi" media holdinqinin rəhbərləri, müxbirləri və digər yaradıcı və texniki peşə nümayəndələri beş gün ərzində agentliyin fəaliyyəti, onun strukturu, xəbər axını və iş metodları ilə tanış olublar.
Uşaq problemləri haqqında məlumatlılığın artırılmasına kömək edən "TASS.Uşaqlar" layihəsi media nümayəndələrinin xüsusi diqqətini cəlb edib. Layihə uşaqların tərbiyəsi və inkişafı ilə bağlı geniş mövzuları əhatə edir, o cümlədən informasiyanın yayılması üçün müxtəlif media platformalarından istifadə olunur.
TASS-ın mətbuat mərkəzinin işi ilə tanışlıq zamanı qonaqlar mətbuat konfranslarının, brifinqlərin və digər tədbirlərin necə təşkil olunduğunu, jurnalistlərə akkreditasiyanın necə verildiyini öyrəniblər.
Seminar iştirakçıları, həmçinin redaksiyalarda olub, agentliyin rəhbərliyi və əməkdaşları ilə görüşüb və əsas bölmələr üzrə ekskursiyalarda iştirak ediblər.
Seminarın sonunda qonaqlar Moskva şəhərinin əlamətdar mədəni irs obyektləri ilə tanış olublar.
MDB ölkələrinin informasiya agentlikləri və çap nəşrləri üçün TASS seminarı məhsuldar və konstruktiv şəraitdə keçib. Seminar iştirakçıları TASS-ın fəaliyyəti və media sahəsindəki müasir trendlər barədə dəyərli məlumatlar əldə ediblər.
Bu tədbir MDB ölkələrindən olan jurnalistlərə və mütəxəssislərə ən yaxşı təcrübələrlə tanış olmağa, bilik və təcrübə mübadiləsi aparmağa, həmçinin yeni ünsiyyət mənbələri tapmağa imkan yaradıb.