Tatyana Martınenko: Azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti məni heyran etdi
Moskva, 9 noyabr (AZƏRTAC). “Sankt-Peterburq” Dövlət Teleradio Şirkətinin direktor müavini Tatyana Martınenko AZƏRTAC-a müsahibəsində demişdir ki, III Bakı Humanitar Forumu çox mühüm məsələlərə həsr olunmuşdu. O demişdir: “Mən və jurnalist həmkarlarım müasir dünyada media problemlərinə həsr olunmuş dəyirmi masalarda iştirak edirdik. Təbii ki, multikulturalizm mövzusundan da yan keçə bilməzdik. Fikrimcə, növbəti forumlarda bu istiqamətdə işi davam etdirəcəyik. Forum iştirakçıları görüşün yekunlarına əsasən bəyannamə qəbul etdilər. Bu sənəddə hər şey aydın və dəqiq şərh edilmişdir, ona görə biz həmin bəyannaməyə məmnuniyyətlə səs verdik”.
Tatyana Vladislavovnanının sözlərinə görə, forum yüksək səviyyədə təşkil edilmişdir. O demişdir: “Forumun bu qədər möhtəşəm olacağını, ən yüksək səviyyədə, bu sözü xüsusi vurğulayıram, ən yüksək səviyyədə təşkil olunacağını gözləmirdim. Azərbaycan tərəfi dünyanın müxtəlif ölkələrindən gəlmiş 800-ə yaxın qonağı qəbul etdi və Forumda həm istiqamətlər üzrə, həm də maraqlar üzrə işi çox gözəl təşkil etdi”.
Azərbaycan ilə ilk dəfə bu forumda tanış olduğunu vurğulayan T.Martınenko demişdir: “Mənə deyirdilər ki, Bakı gözəl şəhərdir. Lakin onun bu dərəcədə təmiz və işıqlı olacağını gözləmirdim. Bakı həqiqətən “nurlu şəhər”dir, gündüz də gözəldir, gecə də. Hətta onun haçan daha gözəl olduğunu bilmirəm. Siz bakılılar İçərişəhəri də qoruyub saxlaya bilmisiniz. Orada necə məhəbbət hissi ilə qayda yaradıldığını gördük. Azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti məni heyran etdi. Biz bir an da olsa, özümüzü qərib yerdə, unudulmuş kimi hiss etmirdik. Dostlarımız, həmkarlarımız həmişə bizim yanımızda olurdu. Azərbaycan xalqı haqqında, Bakı haqqında və təbii ki, Forumda tanış olduğum dostlarım və həmkarlarım haqqında ən xoş xatirələrlə qayıtdım”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva