Tbilisidə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin məzarları ziyarət olunub
Tbilisi, 28 may, AZƏRTAC
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və şirkətin əməkdaşları mayın 28-də Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətlərinin qurucularının məzarlarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə üzərində ay ulduzu olan və Azərbaycan Cümhuriyyəti XIX-XX əsr yazılmış abidənin önünə gül dəstələri düzülüb.
Sonra məzarlıqda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk Baş naziri Fətəli xan Xoyskinin, Azərbaycan parlamentinin ilk sədr müavini Həsən bəy Ağayevin, fərqli vaxtlarda Cümhuriyyətinin daxili işlər (28 may 1918-ci il - 6 oktyabr 1918-ci il), maliyyə (1918-ci il) və xarici işlər naziri olmuş Məmmədhəsən Hacınskinin məzarları önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Sonra böyük mütəfəkkirlər Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və digərlərinin məzarları da ziyarət olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi