TBİLİSİDƏ MDB ÖLKƏLƏRİ BAŞ PROKURORLARININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 17-də Tbilisidə MDB ölkələri baş prokurorları əlaqələndirmə şurasının iclası keçirilmişdir.
İclasda Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Ermənistan, Belarus, Moldova, Rusiya, Qırğızıstan və Tacikistan təmsilçiləri iştirak etmişlər. Qapalı keçən iclasda insan alverinə, qanunsuz mühacirətə qarşı birgə mübarizə tədbirləri, insan, insan orqanları və hüceyrələri ilə alver məsələləri, cinayətkarlıqla mübarizə üzrə hərəkət planı müzakirə olunmuşdur. Prokurorlar terrorizm və ekstremizmlə mübarizənin nəticələrinə yekun vurmuş, narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsi əleyhinə mübarizə proqramına qiymət vermişlər.
Yığıncaq iştirakçıları 2008-2009-cu illər üçün birgə fəaliyyət planı işləyib hazırlamış, sadalanan sahələr üzrə əməkdaşlığa dair sənədlər qəbul etmişlər.
Sonda mətbuat konfransı keçirilmişdir.
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov müxbirimizlə söhbət zamanı demişdir ki, iclasda 9 məsələyə baxıldı, bütün məsələlərin müzakirəsində fəal iştirak etdik, rəy və təkliflərimizi bildirdik. Müzakirə olunan məsələlərin ikisinə Azərbaycan nümayəndə heyəti xüsusi rəyini bildirdi. Onların biri hüquqi məkanın birləşdirilməsi, qanunun ümumiləşdirilməsi təklifi idi. Biz bu təklifin əleyhinə getdik və dedik ki, hər kəs öz ölkəsinin qanununun aliliyinə hörmət etməli, hər ölkə öz qanunu ilə yaşamalıdır. İkinci məsələ isə insan alveri ilə bağlı idi. Burada təşəbbüskar kimi Ermənistan çıxış etdi. Mən söz alıb dedim ki, biz Ermənistan tərəfindən irəli sürülən heç bir təklif qəbul edib imza atmayacağıq. Ümumiyyətlə, MDB məkanında cinəyatkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasında belə tədbirləri vacib sayıram.
İyulun 17-də iclas iştirakçılarını Gürcüstan parlamentinin sədri David Bakradze qəbul etmişdir.