TEATR MÖVSÜMÜ YENİ TAMAŞA İLƏ AÇDI
Gənc Tamaşaçılar Teatrı 75-ci, yubiley mövsümünü dramaturq, yazıçı və publisist Aqşin Babayevin “Olmuş əhvalat” pyesi əsasında hazırlanmış eyniadlı yeni tamaşa ilə açmışdır.
Tragikomediya janrında yazılmış əsərin süjeti real həyatdan götürülmüşdür. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidin atası oğlunun xatirəsini əbədiləşdirmək üçün öz evinin yanında bulaq tikmək istəyir. Amma qonşuluqdakı restoranın sahibi buna hər vasitə ilə müqavimət göstərir, cünki o, fikirləşir ki, burada bulaq tikilməsi restorana gələnlərin sayını, deməli, həm də onun qazancını azaldacaqdır. Beləliklə, çətin bir qarşıdurma başlanır və nəticədə möhkəm vətəndaş mövqeyi tamahkarlığa, qazanc hərisliyinə və cəhalətə qalib gəlir. Əsərdə cəmiyyətdə mövcud olan həm müsbət, həm də mənfi cəhətlər hərtərəfli şəkildə və məharətlə açılır.
Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, musiqi tərtibatçısı isə Fəxrəddin Dünyamalıyevdir. Baş rollarda əməkdar artistlər Ədalət Məmmədov, Azər Mirzəyev, Yasin Qarayev, aktyorlardan Şəbnəm Babayeva, Elşən Şıxəliyev, Eldar Hüseynov və başqaları oynayırlar.
Əsərin müəllifi, filologiya elmləri doktoru Aqşin Babayev jurnalist, dramaturq, yazıçı və ədəbiyyatşünas kimi tanınmışdır, müxtəlif janrlarda və mövzularda bir sıra dəyərli əsərlərin müəllifidir. Onun çoxsahəli yaradıcılığı həyat həqiqətlərini özünəməxsus bədii şəkildə təhlil və təqdim etmək bacarığı ilə seçilir.
İnanırıq ki, Aqşin Babayevin “Olmuş əhvalat” pyesi milli dramaturgiya və teatr sənəti ənənələrinə dəyərli töhfə olacaqdır.