Teatr Muzeyində növbəti ustad dərsi
Bakı, 11 mart, AZƏRTAC
Xalqımızın ən qədim milli bayramlarından biri olan, özündə yazın gəlişini və təbiətin oyanışını ehtiva edən Novruz bayramı ərəfəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ənənəvi olaraq uşaqlara bayram ovqatını bəxş etmək məqsədilə martın 11-də “Can gülüm, can-can” adlı ustad dərsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, öncə muzeyin ekspozisiyası ilə tanış olan balaca qonaqlara bayramın mənşəyi, tarixi və ustad dərsinin mahiyyəti barədə qısa məlumat verilib.
Sonra balacalar qrup şəklində Azərbaycan folklorunun ən gözəl nümunələri olan tapmaca və yanıltmaclar söyləyiblər, həmçinin Novruz şənliklərinin əsasını təşkil edən “yumurta döyüşü”, “Kosa-kosa”, “kasa oyunu” müxtəlif xalq oyunlarında iştirak ediblər.