TƏBİB Biləsuvardakı yol qəzasında yaralanan şəxslərlə bağlı açıqlama yayıb – YENİLƏNİB-2
Biləsuvar, 15 may, İlkin Adıyev, AZƏRTAC
Bu gün saat 09:00 radələrində Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlardan 1996-cı il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərdən 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.
10:15
Biləsuvarda baş verən qəzada yol istismar idarəsinin əməkdaşı ölüb.
AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
10:11
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər aralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.