Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO
Şamaxı, 18 sentyabr, AZƏRTAC
Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən yeni “Pirqulu Park” hoteli qapılarını ziyarətçilərin üzünə açıb. 16 hektar ərazini əhatə edən bu müasir turizm obyekti həm istirahət, həm də müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar təqdim edir.
AZƏRTAC xəbər verir ki, hotelin fəaliyyəti və yaradılan şərait barədə məlumat verən layihə rəhbəri Əli Əliyev kompleksin eyni vaxtda yüzlərlə qonağı qarşılamaq imkanına malik olduğunu bildirib. “Bu ərazidə 188 və 172 nəfərlik tutuma malik iki hotel kompleksi fəaliyyət göstərir. Ümumilikdə 360-dan çox qonaq qəbul etmək imkanına malikik. Kompleksin ərazisində konqres binası, amfiteatr, restoran, uşaq əyləncə mərkəzi, həmçinin açıq havada futbol və tennis üçün xüsusi sahələr mövcuddur. Həmçinin boulinq, masaüstü tennis və digər oyunlar nəzərdə tutulub. Uşaqlar üçün rəsm klubu və müxtəlif aktiv oyun zonaları da yaradılıb”.

Qeyd edək ki, iki hotel binasından ibarət olan kompleksdə müxtəlif kateqoriyalı 175 nömrə və 2 kottec mövcuddur. Burada qonaqların rahatlığı üçün restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal, eləcə də 600 nəfərlik konqres binası və amfiteatr istifadəyə verilib.
Operator – Ceyhun Mustafayev