Təbii qidalardan istifadə edin ki, xərçəng sizə yaxın düşməsin
Bakı, 8 fevral (AZƏRTAC). Başqalarına dəfələrlə həyat bəxş etmiş həkimlər də bəzən sağalmaz xəstəliklərə düçar olurlar. Belələrindən biri tanınmış doktor David Servan-Şreyber idi. Onkoloqlar psixiatriya elminin gənc ulduzuna, perspektivli həkimə yaşaması üçün cəmi yarım il vaxt vermişdilər. Ona “qlioblastoma” diaqnozu qoyulmuşdu. Ancaq David bədbinliyə qapılmadı, sağlamlığının möhkəmləndirilməsi yollarını axtarmağa başladı. Həyat tərzini, qidalanma üsulunu dəyişdi və xərçəng on illərlə ona yaxın düşə bilmədi. O, müasir tibbin köməyi, eləcə də yaratdığı qidalanma sistemi ilə daha 19 il yaşamağı bacarmışdır. Doktor öz yaşantılarını və xəstəliklə mübarizənin bütün mərhələlərini “Xərçəng əleyhinə” adlı bestsellerində yazmışdır.
“Üç əsas amil bizi əhatə edən mühitdə radikal dəyişikliklər yaratmışdır”, - doktor yazır. Bu amillər qida rasionunda şəkərin miqdarının artması, kənd təsərrüfatı və heyvandarlıq məhsullarının yeni üsullarla becərilməsi nəticəsində ərzağın dəyişikliyə uğraması, əvvəllər olmayan kimyəvi tərkibli məhsullarla insanların üz-üzə qalmasıdır.
Doktor yazır ki, insan geni yüz min il əvvəl formalaşmışdır. Buna görə də bədən üzvləri bu gün hələ də əcdadlarımızın istifadə etdikləri ərzaqları gözləyir. Bunlar vəhşi heyvanların əti, quş yumurtası, bitki mənşəli qidalardır. Amma indi insanlar kalorini qədim dövrlərdən fərqli olaraq sənaye yolu ilə hazırlanmış yeyinti məhsullarından alır və bunun hesabına da onların geni formalaşır. Bu məhsullar təmizlənmiş şəkər, ağ un və bitki yağlarıdır. Bu üç mənbə isə insan orqanizmində xərçəng şişini “yemləyir”.
Onun birinci yerə şəkər amilini çəkməsi təsadüfi deyil. Çünki şəkər istehlakı indiki dövrdə kosmik sürətlə yüksəlmişdir. Əcdadlarımız ildə 2 kiloqramdan artıq bal yemədikləri halda, 1850-ci ildə adambaşına düşən şəkər 5 kiloqram olmuşdur. XX əsrin sonunda isə bu rəqəm artıq 70 kiloqrama çatmışdır. Qeyd edək ki, İkinci Dünya müharibəsindən əvvəl alman bioloq Otto Warburg bədxassəli şişlərdə qlükoza mübadiləsinin dominant rolunun kəşfi üçün tibb üzrə Nobel mükafatı almışdır.
“Hər birimiz xərçəng əleyhinə möcüzəli dərman preparatı gözləmədən elə indidən yeməyimizdə şəkər və ağ unu məhdudlaşdırmalıyıq”,- doktor yazır. Beləliklə, bədənimizi xərçəng hüceyrələrindən qoruya bilərik. Onun qənaətincə, bütün qeyri-təbii qidalar rasiondan çıxarılmalıdır.
Doktor xərçəngdən qorunmaq üçün yemək zamanı təbii şirələr, tünd şokolad (70 faizi kakao ), təbii maya, yalnız buğda çörəyi, qəhvəyi düyü, yulaf, darı, qarabaşaq yarması, zeytun yağı, təbii süd məhsulları, otla bəslənmiş inək əti - həftədə 200 qram, ev quşlarının əti və yumurtası, balıq (skumbriya, sardina, qızıl), mərcimək, lobya, noxud, şirin kartof, zeytun, sıyıq, təbii tərəvəz və meyvələr, xüsusilə albalı və moruq, sarımsaq, soğan, limon, kəklikotu, yaşıl çay, təmiz su, gündə bir qədəh qırmızı şərab kimi qidaları məsləhət görür. Bildirir ki, şəkər (ağ və ya qəhvəyi), bal, ağ çörək, ağ düyü, ağ makaron, kartof, xüsusilə kartof püresi, hidrogenləşdirilmiş yağlar, qızardılmış qidalar, sənaye yolu ilə istehsal olunmuş quş, ət, süd məhsulları və meyvə şirələri, donuz əti, marmelad, şərbət və şəkərlənmiş meyvə tamamilə rasiondan çıxarılmalıdır.
Hazırda dünya onkoloqları “xərçəngə necə qalib gəlmək olar?”- sualı üzərində düşünürlər. Bu sualın cavabını tibb elmləri doktoru, neyrobioloq, psixiatr David Servan-Şreyberin “Xərçəng əleyhinə” kitabında tapmaq olar.