Təbii sərvətlərin idarə edilməsində “Azersky” peykindən əldə olunan təsvirlərdən istifadə olunur
Bakı, 18 noyabr, AZƏRTAC
“Azərkosmos” ASC Yer səthinin məsafədən müşahidəsi sahəsində böyük təcrübəsi olan Fransanın “Airbus Defence and Space” şirkətinin əməkdaşları ilə birgə “Azərbaycanda təbii sərvətlərin idarə edilməsində coğrafi məlumatların potensial töhfəsi” mövzusunda seminar keçirib.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, “Azersky” peykinin təbii sərvətlərin idarə edilməsində tətbiqi barədə aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Seminarda “Azersky”, “SPOT 6” və “Pleiades” peyklərinin texniki xüsusiyyətləri, peyk təsvirlərinin ətraf mühitin öyrənilməsində istifadəsi, geoməkan tədqiqatları, ətraf mühitlə bağlı fövqəladə hallar zamanı yaranan risklər, kəşfiyyat və hasilat xidmətləri haqqında ümumi məlumat verilib. Eyni zamanda geoloji tədqiqatlar, neft sızıntıları və dağ-mədən sənayesində peyk təsvirlərindən istifadə mövzularında təqdimatlar olub. Seminar iştirakçıları, əlavə olaraq bu il “Azersky” peykindən əldə olunmuş təsvirlərin tətbiq olunması ilə həyata keçirilən layihələr barədə məlumatlandırılıblar.
Seminarda “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində peyk təsvirlərindən istifadə haqqında danışılıb.
Qeyd olunub ki, yaradılmış TSİS Azərbaycan e-kənd təsərrüfatı sisteminin tərkib hissəsi olub, kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin idarə olunması üçün əsas istinad sistemi hesab olunur. Sistemin yaradılmasında 20 177 kvadrat kilometr ərazinin peyk təsvirlərindən istifadə edilməsi qərara alınıb. Bu məqsədlə “Azərkosmos” ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya Müəssisəsi arasında müqavilə imzalanıb və qeyd olunan ərazilərin peyk təsvirləri “Azərkosmos” tərəfindən təmin olunur.
Ötən il iyunun 30-da uğurla orbitə çıxarılmış və həmin il dekabrın 2-dən “Azərkosmos”a təhvil verilmiş “Azersky” peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var. Bundan əlavə, “Azərkosmos” ASC “Airbus Defence and Space” şirkətinə məxsus, 0.5 metr ayırdetməli “Pleiades 1A” və “Pleiades 1B”, “TerraSAR-X” və “TanDEM-X” peyklərinin Azərbaycanda rəsmi və yeganə satış təchizatçısıdır.