“Təfəkkür” liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdir
Sumqayıt, 10 may (AZƏRTAC). Sumqayıtdakı “Təfəkkür” liseyinin bayram sayağı bəzədilmiş idman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilmiş silsilə tədbirlər təntənəli sıra baxışı ilə başa çatmışdır. Möhtəşəm bayram tədbiri çoxsaylı qonaqları kütləviliyi və orijinal ideyaları ilə təsirləndirmişdir.
Baxışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Baxış iştirakçıları kapitanların komandalarını səlis yerinə yetirərək, marşla keçmiş, texnogen fəlakətlərin nəticələrinə bir göz qırpımında düzgün reaksiya vermək, ilk tibbi yardım göstərmək məharəti, liseydə öyrəndikləri bir çox digər mühüm vərdişləri nümayiş etdirmişlər. Heydər Əliyevə həsr olunmuş şeirlərin və mahnıların ən yaxşı ifası üçün elan edilmiş müsabiqələrin qalibləri öz məharətləri ilə qonaqları sevindirmişlər. Gənclər arasında karate və əlbəyaxa döyüş üzrə respublika yarışlarının və beynəlxalq turnirlərin qaliblərinin müasir melodiyaların sədaları altında göstərdikləri nümunəvi nömrələr sürəkli alqışlarla qarşılanmışdır.
Elə həmin gün böyük vətəndaş - Heydər Əliyev haqqında maraqlı inşa yazılarının müəllifləri müəyyən edilmişdir. Liseyin divarlarında yuxarı sinif şagirdlərinin böyük sevgi ilə hazırladıqları rəsmlər, divar qəzetləri asılmışdır.
Qonaqlar arasında Sumqayıtın orta təhsil müəssisələrində bir sıra maarifləndirmə və ekologiya layihələri həyata keçirən ARDNŞ-ın “Azərkimya” Səhmdar Cəmiyyətinin nümayəndələri, o cümlədən müəssisənin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev olmuşdur. “Qafqaz” universiteti liseylə səmərəli əməkdaşlıq edərək onunla birlikdə elmi layihələr həyata keçirir. Ali məktəbin prorektoru Natiq Paşa və hüquq fakültəsinin dekanı Mübariz Yolçuyev qonaqlar arasında olmuşdur. Qonaqların tribunasında tədbirləri Sumqayıt təhsil şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, məktəb direktorları, respublikanın əməkdar müəllimləri Minarə Tahirova və Ayat Kərimova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmli və başqaları izləmişlər.
Qaliblərin mükafatlandırılması mərasimi tədbirin apofeozu olmuşdur. Müxtəlif nominasiyalarda fərqlənənlər fəxri fərmanlara və qiymətli hədiyyələrə layiq görülmüşdür. Qonaqlar tədris ili ərzində respublika və beynəlxalq səviyyəli olimpiadalarda uğurla iştirak edərək liseyin bayrağını yüksəklərə qaldırmış şagirdləri də təbrik etmişlər. Məktəblilərin beşinci beynəlxalq ekoloji layihələr olimpiadasının - INERO - Euroasianın gümüş medalçısı, yeddinci sinif şagirdi Əmirağa Ağayev liseyi ətraf mühitin mühafizəsi üzrə bu mötəbər beynəlxalq layihənin növbəti medalı sevindirmişdir. Dil və ədəbiyyat üzrə respublika olimpiadasında dördüncü yeri tutmuş Aygül Babayeva mükafatlandırılanlardan biri olmuşdur.
Bu təhsil müəssisəsinin direktoru Bəsirə Ağayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Təfəkkür” liseyi şagirdlərinin nailiyyətlərinə baxış 16 illik tarixi olan ənənəvi bayram tədbiridir. Hər il mayın 10-nu - ümummilli lider Heydər Əliyevin doğum günündə liseyimizdə müxtəlif nominasiyalar üzrə müsabiqələrə yekun vurulur. Şagirdlərimiz bu müsabiqələrdə fəal surətdə və həvəslə iştirak edərək, öz bilik, qabiliyyət və istedadını nümayiş etdirməklə yanaşı, Azərbaycanın ən yeni tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirirlər”.
######
