TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Təhsil Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.
Rayon təhsil şöbələri müdirlərinin, məktəb direktorlarının iştirak etdikləri tədbirdə Təhsil Nazirliyində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması və gənclərin çağrışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti barədə ətraflı məlumatlar verilmiş və geniş müzakirələr aparılmışdır.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, Prezident İlham Əliyevin təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayan nazir, rəhbərlik etdiyi quruma daxil olan ərizə və şikayətlərin sayının artdığını qeyd etmiş, onlara vaxtında baxılması üçün həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır.
M.Mərdanov, eyni zamanda, ümumtəhsil məktəblərinin X-XI siniflərində gənclərin çağrışaqədərki hazırlığı fənninin tədrisi vəziyyətini araşdırmaq məqsədilə Bakı və Sumqayıt şəhərlərində 360 məktəbdə aparılan monitorinqin nəticələrindən bəhs etmişdir. Bildirmişdir ki, həmin təhsil müəssisələrində müvafiq fənni tədris edənlərin əksəriyyəti qeyri-ixtisaslı müəllimlərdir.
Nazir həmin fənnin tədrisinin yaxşılaşdırılmasının zəruriliyini vurğulamışdır.
Təhsil nazirinin müavini Elmar Qasımov və digər natiqlər də məktəblərdə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışmışlar.
Kollegiya iclasında müzakirə olunan məsələlərlə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.
######
