Təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat “Yeni çağırışlar”da
Bakı, 8 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hazırlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat olub.
“T-NETWORK”dan AZƏRTAC-a bildirilib ki, proqramda Özgür Bolatın keçdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, öyrənən və öyrədənlərin motivasiyası, istedadın inkişafı, təhsil liderliyi, xoşbəxt və uğurlu fərd yetişdirməyin təcrübəsi müzakirə edilib. Özgür Bolat təhsil proqramlarının bilmək yox, anlamaq məqsədli model üzərində qurulmasının əhəmiyyətindən danışıb. O bildirib ki, anlamaq və bilmək arasında fərq var. Çünki bilmək məlumatları yaddaşda saxlamaqdır. Anlamaq isə təcrübə və kəşflə əmələ gələn düşüncə modelləri, sxemlərdir. Yəni anlayan bir şəxs bir məlumatın nə mənaya gəldiyini və o məlumatı necə istifadə edəcəyini bilir.
Tədqiqatçı qeyd edib ki, öyrənənlərin biliklərinin qiymətləndirilməsi zamanı əks-əlaqəyə, rəylərə xüsusi diqqət yetirilməlidir. Heç bir rəssam yaxud bəstəkar şagirdinə qiymət vermir, onlar sadəcə rəy verirlər. Belə olduqda öyrənən inkişaf etdirməli olduğu məqamları görür.
Təhsil tədqiqatçısı onu da diqqətə çatdırıb ki, sadəcə gələcəyə yox, həyatın hər anına hazır olmaq üçün düşünməyi öyrənmək, kəşf etmək, təcrübə yaşamaq, daxili nəzarət, ağlın sərhədlərinin kənarına çıxmaq lazımdır.
Özgür Bolat ilə görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Görüşdə izləyicilərin sualları da cavablandırılıb.
Qeyd edək ki, Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə Məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” kitabı təxminən 500 min nüsxə satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır.
Xatırladaq ki, “Yeni çağırışlar” “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları məşhur “Khan Academy”nin qurucusu Sal Xan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub.