Təhsilimizə göstərilən qayğının nəticəsində cəmiyyətdə alimin nüfuzu xeyli artıb
Sumqayıt, 4 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Elm gününə həsr olunan silsilə tədbirlər çərçivəsində ölkəmizin görkəmli alimləri ilə görüşlər davam edir. Bu dəfə ali məktəbin qonaqları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və institutun bir neçə alimi olub.
AZƏRTAC xəbər verir ki, SDU-nun Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə reallaşan görüşdə çıxış edən Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Qafar Atayev Elm günü ilə bağlı Sumqayıt Dövlət Universitetinin təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirildiyini, bu görüşün də onlardan biri olduğunu deyib.
Prorektor son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm addımlar atıldığını qeyd edib. “Təsadüfi deyil ki, XXI əsr UNESCO tərəfindən elm və təhsil əsri adlandırılıb”, - deyən prorektor bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsinin ən aktual və prioritet məsələ olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından və rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətlərindən, görülən işlərdən, beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, təhsilimizə göstərilən qayğı nəticəsində bu gün cəmiyyətdə alimin nüfuzu xeyli artıb, bütün elm sahələrində ciddi nailiyyətlər əldə edilib. O.Səmədov Sumqayıt universiteti ilə gələcəkdə elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayaraq qeyd edib ki, bugünkü görüş gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir.
Diskussiya şəraitində keçən görüşdə Radiasiya Problemləri İnstitutunun “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının rəhbəri İslam Mustafayev, “Radiobiologiya” laboratoriyasının rəhbəri Elmxan Cəfərov, “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının rəhbəri Rəhim Mədətov, “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasının rəhbəri Hökmən Mahmudov, institutun aparıcı elmi işçisi Nüşabə Hacıyeva çıxış edərək, laboratoriyalarda aparılan elmi-tədqiqat işlərindən və əldə olunan nailiyyətlərdən danışıblar.