Tələbələrə etibarlı mühafizənin təmin edilməsi ilə əlaqədar nümunəvi dərs keçilib
Bakı, 18 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində “Müasir şəraitdə etibarlı mühafizənin təmin edilməsi” mövzusunda nümunəvi dərs keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdan ibarətdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru, professor Əhməd Məlikov nümunəvi dərsin professor-müəllim heyəti və tələbələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu sahədə aparılan işlərdən, müxtəlif maarifləndirici-nümunəvi tədbirlərin təşkilindən bəhs ediblər.
Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş olunub.
Həmçinin dinləyicilər fərdi mühafizə vasitələri və xilasetmə avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.