Tələbələrə tütün aludəçiliyinin fəsadları barədə məlumat verilib
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Zərərli vərdişlərin profilaktikası” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, 31 may - Dünya Tütünlə Mübarizə Gününə həsr olunan tədbirdə universitetin mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayeva tütündən istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə metodlarından danışıb. Diqqətə çatdırılıb ki, dünyada ölüm səbəbləri arasında tütünçəkmə ikinci yerdədir. İctimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində bu faktoru aradan qaldırmaq mümkündür.
ADU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, müntəzəm şəkildə siqaret çəkən insanlarda ağciyər xərçəngi başda olmaqla, nəfəs yollarının xroniki, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. O, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra qapalı məkanlarda tütün istifadəsinin məhdudlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim-metodist Lətafət Dadaşova “31 may - Dünya Tütünlə Mübarizə Günü və ürək xəstəlikləri” mövzusunda təqdimatla çıxış edib. O, tütün aludəçiliyinin fəsadları, törətdiyi xəstəliklər, Azərbaycanda tütünlə mübarizə barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.