Təlimdə aktiv iştirak edən gənclərə sertifikatlar verilib
Ağsu, 18 noyabr, AZƏRTAC
Ağsuda gənclər üçün “Sağlam gənclik sağlam gələcək” layihəsi çərçivəsində “Narkomaniya bəşəri bəladır” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov tərəfindən reallaşdırılan təlimdə gənclərə bəşəri bəla olan narkomaniyanın insanlarda yaratdığı fiziki, mənəvi və sosial problemlər barədə ətraflı məlumat verilib. Təlim prosesində gənclərin sualları cavablandırılıb.
Sonda aktiv iştirak edən gənclərə sertifikatlar verilib.
Qeyd edək ki, 55 nəfərə yaxın gəncin iştirakı ilə keçirilən təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin, təhsil sektorunun və Ağsu rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.