Tənzilə Babayeva: Yaşı 65-dən çox olanlar ildə iki dəfə terapevt müayinəsində olmalıdırlar
Bakı, 24 fevral, AZƏRTAC
Mütəxəssislərin fikrincə, hətta heç bir şikayəti olmayanlar da vaxtaşırı olaraq həkim müayinəsindən keçməli və gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almalıdırlar. Müayinə nəticəsində hansısa xəstəliyin erkən mərhələdə aşkarlanması vaxt itkisinin və xəstəliyin ağırlaşmasının qarşısını alır. Bunlara əsasən ürək-damar, onkoloji, tənəffüs sistemi, şəkərli diabet xəstəlikləri və s. aiddir. Müəyyən yaş kateqoriyalarına aid vətəndaşlar məhz həmin kateqoriyanın risklərini nəzərə alaraq bəzi müayinələrdən mütləq keçməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin müdiri Tənzilə Babayeva məlumat verib.
O, müvafiq yaş qruplarına aid pasiyentlərə tövsiyələrini bildirib: “Birinci yaş kateqoriyasına 18-40 yaşlı pasiyentlər daxildir. Onlar 3 ildə bir dəfə terapevtin, ehtiyac yarandığı halda isə, digər mütəxəssislərin müayinəsindən keçməlidir. Həmin yaş kateqoriyasına aid olanlar iki ildə bir dəfə flüoqrafiya, elektrokardioqrafiyadan keçməli, qanın ümumi analizi, ürək-damar xəstəliklərinin qarşısını almaq üçün isə lipid spektrləri və qanda şəkərin miqdarı ilə bağlı analizlər verilməlidir.
İkinci yaş kateqoriyası 40-65 yaşlı pasiyentlərdir. Bu yaşda olan pasiyentlər hər il terapevtin qəbulunda olmalı, xəstəlik və şikayətlərindən asılı olaraq, nevropatoloq, kardioloq, oftalmoloq və s. kimi həkimlərin müayinəsindən keçməlidirlər. Hər il elektrokardioqrama, exokardioqramma, qarın boşluğunun ultrasəs müayinəsi etdirmək vacibdir. Qadınlar isə, əlavə olaraq, mütəmadi ginekoloq müayinəsindən keçməli və süd vəzilərinin rentgen müayinəsini etdirməlidirlər”.
Həkim-mütəxəssisin dediyinə görə, yaş artdıqca xroniki xəstəliklər proqressivləşir və onların fəsadları əmələ gəlir: “Bu yaşayış müddətinə və yaşayış keyfiyyətinə təsir edir. Yaşı 65-dən çox olan pasiyentlərin isə ildə 2 dəfə terapevt müayinəsində olması məsləhət görülür. Xüsusi risk qrupuna aid şəxslərə xəstəliklər, adətən, irsi yolla keçir. Məsələn, onkoloji xəstəliklər, sinir sistemi və ürək-damar xəstəlikləri irsi yolla ötürülə bilər. Bu qrupa aid xəstələr də genetik faktorları nəzərə alaraq, uyğun mütəxəssis müayinələrindən keçməlidirlər”.