REGİONLAR
Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb









Tərtər, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan tarixinin faciəli, eyni zamanda, şərəfli səhifəsi olan 20 Yanvar qırğınının 35-ci ildönümü Tərtər rayonunda da kədər və qürur hissi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri Şəhidlər abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən bəhs edilib. Bildirilib ki, hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 35 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi yaşayır.
İştirakçılar məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Tərtər şəhər Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. Faciə qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada 100 ədəd Eldar şamı əkilib.