Tərtərdə Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Tərtər, 9 noyabr (AZƏRTAC). Tərtər şəhərindəki Bayraq meydanında Dövlət Bayrağı Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak etmişlər.
Bayram tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra hərbi geyimli məktəblilər təntənəli marşın sədaları altında mətin addımlarla tədbir iştirakçılarının qarşısına çıxmışlar.
Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin Dövlət Bayrağına həsr olunmuş əl işlərindən ibarət sərgisi nümayiş olunmuş, musiqili ədəbi-bədii kompozisiya göstərilmiş, şeirlər səsləndirilmiş, mahnılar ifa edilmişdir.
Bayram mərasimində çıxış edənlər üçrəngli bayrağımızın yaranma tarixindən, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmasından, 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından, dünyanın ən uca bayrağı olan üçrəngli Azərbaycan bayrağının təntənəli surətdə qaldırılmasından danışmışlar. Bildirilmişdir ki, respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər şəhərində də bayraq meydanı inşa edilmiş, hündürlüyü 65 metr olan dövlət bayrağı ucaldılmışdır.
Tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etmişdir.