Tərtərdə Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Tərtər, 4 noyabr, AZƏRTAC
Tərtər Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qızıl hərflərlə yazılmış tarix - 8 Noyabr” mövzusunda rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər Mərkəzində təşkil olunan tədbirdə rayonun 44 ümumtəhsil məktəbinin şagirdləri iştirak edib. Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullayeva və 44 günlük Vətən müharibəsinin iştirakçıları Zəfər Günü münasibətilə şagirdləri təbrik edib, ordumuzun şanlı Qələbəsindən, şəhid və qazilərimizin qəhrəmanlıq salnaməsindən bəhs ediblər.
Rəsm müsabiqəsində Umudlu kənd tam orta məktəbin şagirdi Nilufər Zeynalzadə birinci, Kəngərli kənd tam orta məktəbin şagirdi Mətin Həsənli ikinci, Şıxarx kənd 2 nömrəli tam orta məktəbin şagirdi Murad Abdullazadə və Soyulan kənd tam orta məktəbin şagirdi Mələk Şəmiyeva üçüncü yerə layiq görülüb. Qaliblər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.