Tərtərin Qapanlı kəndində 250-yə yaxın sakinin su təminatı yaxşılaşdırılıb
Tərtər, 14 iyul, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Tərtər rayonunun Yuxarı Qapanlı kəndində Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə 250-yə yaxın sakinin su təminatını yaxşılaşdıran su çənləri (su kompleksi) əsaslı təmir-bərpa edilərək, yenidən əhalinin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Dövlət Su Ehtiyatları Agentliyinin rayon şöbəsinin rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri təbrik edib, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərin hər bir kənddə, hər bir evdə öz bəhrəsini verdiyini diqqətə çatdırıblar.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində əraziyə həmişəyaşıl ağaclar əkilib.
Müxbir – Tahir Ağaməmmədov