TEZLİKLƏ BAKI ŞƏHƏRİNDƏ NƏQLİYYAT ƏMƏLİYYATLARININ İNTELLEKTUAL İDARƏETMƏ SİSTEMİNİN TƏTBİQİNƏ BAŞLANACAQDIR
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov AZƏRTAC-a bildirmişdir ki, tezliklə Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sisteminin tətbiqinə başlanacaqdır.
İyulun 21-dən 23-dək Bakıda səfərdə olan Koreya Respublikasının “SK C&C Co. Ltd.” şirkətinin nümayəndələri ilə aparılmış danışıqlarda sistemin Azərbaycan paytaxtında quraşdırılması layihəsi ilə bağlı son razılaşmalar əldə edilmişdir. Cari il sentyabrın axırında şirkətin rəhbərlərinin Azərbaycana səfəri zamanı həm layihənin son variantı təsdiq ediləcək, həm də şirkətin Bakı ofisinin təntənəli açılış mərasimi keçiriləcəkdir. Bundan sonra paytaxtda sistemin quraşdırılmasına başlanılacaqdır.
Müasir texnologiyanın ən son nümunələrinin tətbiqi ilə quraşdırılacaq “Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sistemi” vasitəsilə Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsində avtonəqliyyat vasitələrinin, marşrut xətlərində avtobusların, taksilərin hərəkətinin idarə olunmasına nəzarət, tıxacların aradan qaldırılmasına yardım və digər məsələlər həyata keçiriləcəkdir.
İdarəetmə mərkəzində hər marşrut xəttinə gündəlik nə qədər avtobusun çıxarılması, bu nəqliyyat vasitələri arasındakı məsafələr, dayanma və hərəkət cədvəllərinə, avtobuslarda sərnişinlərin sayına və s. nəzarət olunacaqdır. Bu sistemin məlumatları həm TV, həm də radionun imkanlarından istifadə olunmaqla yayımlanacaqdır. Bunun üçün ayrıca radiokanal və telekanal tezlikləri alınması nəzərdə tutulur. Həmçinin mobil telefonlar vasitəsilə də şəhərin küçələrində nəqliyyatın hərəkət vəziyyətini öyrənmək mümkün olacaqdır.
Layihə 2007-ci ilin aprelində Azərbaycan Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Bu sənəd əsasında Koreya Respublikası Bakı şəhərində həmin sistemin yaradılmasında Azərbaycana kömək edəcəkdir.