Tibb Universitetində “Yara” sənədli filminin təqdimatı olub
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Tibb Universitetində (ATU) 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib. ATU və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin tərəfindən təşkil olunan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Yara” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri, Xocalıdan olan məcburi köçkün Ayna Allahyarqızı ermənilərin azərbaycanlılara qarşı əsirlər boyu törətdikləri soyqırımları haqqında danışıb, qanlı hadisələrlə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı faciələrdən biri olduğunu qeyd edib. Prorektor Dağlıq Qarabağ münaqişəsinin tarixi haqda məlumat verib, erməni millətçiləri tərəfindən xalqımıza qarşı müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə barədə danışıb. Bildirilib ki, Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən böyük cinayətdir. Ermənilərin həyata keçirdiyi bu qanlı cinayət nəticəsində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, yaralanıb, əsir düşüblər.
Digər çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları haqqında məlumat verib, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
“Yara” sənədli filminin layihə rəhbəri, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və ssenari müəllifi və rejissoru Emil Lətifov ekran əsəri haqqında məlumat veriblər.
Sonra “Yara” sənədli filminin təqdimatı keçirilib.