Tibet həkimləri sağlamlıq üçün düzgün qidalanmağı vacib sayırlar
Bakı, 15 fevral (AZƏRTAC). Tibet həkimlərinin tövsiyələri Qərbli həmkarlarının rəyləri ilə həmişə üst-üstə düşmür. Onların məsləhət gördükləri qidalanma qaydaları hətta bir çox hallarda ənənəvi tibb qaydaları ilə təzad təşkil edir. Ancaq bununla belə, Avropa ölkələrinin sakinləri tez-tez Şərq təbabətinə üz tuturlar.
Tibet həkimlərinin fikrincə, qidalanma insan sağlamlığında əsas şərtdir və bunun üçün ilk növbədə ərzaq məhsullarının keyfiyyətinə fikir verilməlidir. Çünki hazırda istifadə olunan ərzaq məsullarının çoxunda kimyəvi qatqılar vardır. Heyvan və quşlardan alınan antibiotiklər isə insan bədəninə ət, yumurta və süd məhsulları ilə birgə daxil olur. Eyni zamanda, bitki mənşəli məhsullar vasitəsilə orqanizm nitratlar və fosfatlar alır. Tədricən bu kimyəvi əlavələr insanda həzm sistemini pozur və artıq çəki yaradır, immuniteti zəiflədir. Ona görə də insanlar kimyəvi qatqılar olmayan təbii ərzaq işlətməlidirlər. Korlanmış qidalar, eləcə də yetişməmiş meyvə və tərəvəz yeməməyə isə bir qayda kimi daim əməl etmək çox vacibdir.
“İnsan mədəsində dörd “cib” vardır. İdeal halda onlardan ikisi qida ilə dolu olmalıdır. Biri maye üçün, o biri isə qida həzmi üçün boş qalmalıdır. Bu nisbət daim gözlənilsə, sağlamlıq da olacaqdır”, - Tibet həkimləri bildirirlər. Onlar hesab edirlər ki, yalnız bərk qida yemək ziyanlıdır. Bərk qida ilə yanaşı, mədəyə maye də gəlməlidir. Yemək masasından isə doymadan-yüngül aclıq hissi ilə ayrılmaq lazımdır. Onlar bunu belə izah edirlər ki, mədənin dördüncü boş hissəsi həzmi idarə etmək üçün enerji verir.
Tibet təbabəti düzgün qidalanma üçün ərzaq məhsullarının uyğunluğunu da vacib sayır. Bildirilir ki, bəzi məhsullar bir-biri ilə mükəmməl birləşirlər, bəzilərinin isə birləşməsi zəhərlənmə yaradır. Məsələn, yumurta və balıq, yaxud qəhvəyi şəkər və mərcimək, balıq və süd kimi. Bu məhsulların eyni vaxtda qəbulu insanı dərhal öldürmür, lakin bədən müəyyən dozada zəhər alır.
Tibet həkimlərinin qənaəti budur ki, orqanizmin bioloji ritmlərinə uyğun olaraq qəbul edilən qidalar vaxta və mövsümə uyğun seçilməlidir. Bununla yanaşı, yemək zamanı norma da gözlənilməlidir. Şəkərdən sui-istifadə virus infeksiyaları və qrip yaradır. Spirtli içkilərdən sui-istifadə isə mədədə yara və xərçəng əmələ gətirir.