Ticarət obyektinə hərracda ilkin start qiymətindən iki dəfə çox məbləğ təklif edilib
Bakı, 29 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirməyə çıxarılan əmlakların biznes yatırımları üçün əlverişli, cəlbedici olması investorların marağını artırır. İştirak proseduru sadə olan hərraclara həm iri, həm də kiçik həcmli sərmayə tələb edən müxtəlif çeşidli obyektlər çıxarılır. Bu müsbət cəhətlər mayın 29-da keçirilən hərracı da rəqabətli edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, əmlaklardan birinin qiyməti hərracın gedişində iki dəfə artıb. Belə ki, paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 60 saylı mağazanın ilkin start qiyməti 23 min 500 manat olsa da, ən son təklif 48 min 750 manatadək yüksəlib. Həmin əmlaka böyük maraq obyektin həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından irəli gəlir. Bu mağazanın ümumi faydalı sahəsi 510 kvadratmetr olmaqla kifayət qədər genişdir.
Daha aşağı investisiya ilə qeyri-yaşayış sahələri də özəlləşdirilib. Sumqayıt şəhərində yerləşən ümumi faydalı sahəsi 20 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsi 6 min manata sahibini tapıb. Bundan başqa, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin də ilkin start qiyməti investorlar üçün sərfəli olub. Belə ki, ümumi faydalı sahəsi 60 kvadratmetrdən çox olan zirzəmiyə 7 min 500 manat qiymət qoyulub. İqtisadi aktivliyin müşahidə edildiyi Bakının Səbail rayonundakı qeyri-yaşayış sahəsi də ərazi mövqeyi baxımından münasib qiymətə özəlləşdirilib. Belə ki, ümumi faydalı sahəsi 65 kvadratmetrə yaxın olan həmin əmlaka edilən təklif 12 min 500 manat olub.
Keçirilən hərracların nəticələri ilə komitənin “emdk.gov.az” rəsmi saytında və “privatization.az” portalının müvafiq bölməsində tanış olmaq mümkündür.
Qeyd edək ki, iyunun 5-də keçiriləcək növbəti hərracda da cəlbedici əmlaklar satışa çıxarılacaq. Sumqayıt şəhərinin Bağlar massivində yerləşən “Laçın restoranı” kifayət qədər gəlirli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 500 kvadratmetrə yaxın torpaq sahəsi isə 2 min kvadratmetrdən çoxdur.
Tikinti sahəsində də investorlar üçün maraqlı əmlaklar var. Gəncə şəhərində yerləşən “Beton və məhlul istehsal edən sahə” sahibinə yaxşı qazanc gətirə bilər. Əmlakın 300 kvadratmetrdən çox ümumi faydalı sahəsi, torpaq sahəsinin isə 4 min kvadratmetrə yaxın olması investora əlavə iqtisadi imkan yaradır.
Bundan başqa, investorlar ayrı-ayrı iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətlərin səhm paketini də özəlləşdirə bilərlər. Tikinti sahəsi üzrə biznesə başlamaq istəyənlər üçün “Zaqatala Sənaye Kombinatı” olduqca cəlbedicidir. Müəssisə dəmir-beton məmulatlarının istehsalı və tikinti işlərini həyata keçirib.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də onu ziyarətçi olaraq canlı izləyə bilər.