TİCARƏT VƏ İCTİMAİ İAŞƏ OBYEKTLƏRİNDƏ İŞLƏYƏNLƏR ÜÇÜN NÖVBƏTİ TƏLİM KURSLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin ticarət və ictimai iaşə obyektlərində çalışan işçilər (satıcı, ofisiant və kassir-nəzarətçi) üçün keçirdiyi növbəti kurs başa çatmışdır.
İyulun 29-da “Caspian” qonaq evində bu münasibətlə keçirilən tədbirdə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov son dövrlər istehlakçıların hüquqlarının qorunmasının dünyada, o cümlədən də ölkəmizdə aktual məsələlərdən birinə çevrildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası, əlaqədar dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində son vaxtlar xeyli iş görülmüş, nailiyyətlər əldə edilmiş, bu sahədə dövlət nəzarəti sistemi formalaşdırılmışdır.
Bildirilmişdir ki, satıcı, ofisiant və kassir-nəzarətçi heyəti istehlakçılarla birbaşa ünsiyyətdə olduqlarına görə bir çox hallarda onların qeyri-peşəkar davranışları, münasibətləri, öz peşəsinin sirlərini bilməməsi istehlakçıların qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. Kurslarda peşəkarlar tərəfindən mükəmməl təlim proqramları əsasında müvafiq xidmət heyətinə müştəri ilə davranış qaydaları və etikası, malların keyfiyyəti, təhlükəsizliyi, ticarət, nəzarət-kassa aparatının işlədilməsi qaydaları, istehlakçıların hüquqları, bu hüquqların qorunmasının vacibliyi və s. məsələlər barədə geniş nəzəri məlumatlar verilmiş, praktiki məşğələlər keçilmişdir. Bütün bunlar isə ticarət obyektlərində xidmət heyətinin statusunun və rolunun artmasına xidmət edir.
Çıxış edənlər təlim kurslarının əhəmiyyətini vurğulamış, bu sahədə obyekt sahiblərini daha fəal olmağa dəvət etmiş, bu cür kursların mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Sonda kursları müvəffəqiyyətlə bitirən 26 nəfərə sertifikatlar təqdim edilmişdir.
######
