DÜNYA
“Tidal Wave Comics” BTS K-pop qrupu haqqında komiks buraxacaq
![](/files/galleryphoto/2024/1/1200x630/17047177175605526754_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17047177172447815701_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17047177176368040857_1200x630.jpg)
Bakı, 8 yanvar, AZƏRTAC
“Tidal Wave Comics” musiqi mühitində adətən tamaşaçıların gözündən kənarda qalanı açaraq, komiks formatından istifadə edən FAME seriyasına 22 səhifəlik kitabı əlavə edib. Yeni komiksdə Cənubi Koreyadan olan sensasiya - BTS K-pop qrupunun məşhurlaşması və onun bu yaxında hərbi xidmət keçməsi haqqında bəhs edilir.
2013-cü ildə ilk çıxışından sonra BTS nikbin hitləri, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlmiş sosial kampaniyaları sayəsində dünya sensasiyası oldu.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, parlaq xronikada yeddi müğənninin necə məşhurlaşdığı və onların ulduz parıltısından gündəlik əsgər həyatına keçidi barədə bəhs edilir. Çünki dövlət doktrinasına uyğun olaraq, Cənubi Koreyada 18-28 yaşında olan bütün əməkqabiliyyətli kişilər nüvə silahına malik olan Şimali Koreyadan müdafiə olunmaq üçün tədbirlər çərçivəsində 18 aydan 21 aya qədər orduda xidmət etməlidir. Lakin qeyd etmək lazımdır ki, bəzi məşhurlar, o cümlədən Olimpiya medalçıları və klassik laureat musiqiçilər hərbi xidmətdən azad olunub və ya daha qısa müddət orduda olublar. Hətta qanunvericilərin az qismi BTS qrupu üzvlərini hərbi xidmətdən azad etmək təklifi ilə çıxış ediblər.
Lakin 2022-ci ilin dekabrında qrupun ən yaşlı üzvü olan Cin orduya qoşulub, ondan sonra digərləri də ona qatılıb, “final dördlük” isə keçən ay hərbi vəzifələrin yerinə yetirilməsinə başlayıb. Fanatlar 2025-ci ilə qədər yenidən birləşərək, qrup şəklində çıxış edəcəklərini gözləyəcəklərinə söz veriblər.
Nəşriyyatın məlumatına görə, kitab-komiks yanvarın 10-da həm çap, həm də rəqəmsal formatda çıxacaq.