REGİONLAR
Tolerantlıq əxlaqi davranış və mədəniyyət məsələsi kimi
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Qəbələdə fəaliyyət göstərən müxtəlif dini icmaların üzvləri, eləcə də ziyalılar iştirak ediblər.
Konfransı “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayev açaraq Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində ulu öndər Heydər Əliyevin rolundan və Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətindən bəhs edən tədbir iştirakçıları konfransın əhəmiyyətindən, dini sahə üzrə problemlərin həllində maarifləndirmə işlərinin vacibliyindən söhbət açıblar.
Elmi-praktik konfransda ilahiyyat üzrə fəlsəfə doktorları Elşad Mahmudov “Təkfir və təkfirçilik milli və dini tolerantlığımıza böyük təhlükə kimi”, Qoşqar Səlimli “İslam və tolerantlıq”, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Mötədillik-radikallıq və fanatizmlə mübarizə vasitəsi kimi” mövzularında məruzələr ediblər. Məruzələrdə əxlaqi davranış və mədəniyyət məsələsi kimi tolerantlığın teoloji aspektlərindən bəhs olunub.
Tədbirdə vətəndaş cəmiyyətinin formalaşması ilə bağlı tədbir iştirakçılarının rəyini öyrənmək üçün onlara sorğu vərəqələri paylanılıb.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.