Tovuzda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib
Tovuz, 11 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon icra hakimiyyəti başçıları yanında fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının üzvləri iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığı ilə bağlı son dövrlərdə görülən işlərdən, cəmiyyətin bu məsələyə daha həssas yanaşmasından və zorakılığa qarşı mübarizənin önəmindən danışıb. Qeyd edib ki, bu sahədə həyata keçirilən tədbirlər və qanunvericilikdə edilən dəyişikliklər məişət zorakılığına qarşı mübarizənin səmərəliliyini artırmağa yönəlib.
Sonra Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Təranə Bayramova təqdimatla çıxış edərək bildirib ki, məişət zorakılığına qarşı mübarizə Tovuzda yalnız hüquqi məsələ kimi deyil, həm də sosial məsuliyyət olaraq qəbul edilir. Məişət zorakılığı ilə mübarizədə görülən tədbirlər bu məsələyə cəmiyyətin diqqətini çəkmək və problemin həlli istiqamətində addımlar atmaq baxımından böyük əhəmiyyət daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə qanunvericilikdə məişət zorakılığı ilə bağlı edilən dəyişikliklər barədə məlumat verib.
Dövlət Komitəsinin sektor müdiri Vəfa Ələkbərova çıxışında bildirib ki, məişət zorakılığına qarşı mübarizə sahəsində koordinasiya və əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.
Təlimdə iştirak edən digər rayonların Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri də çıxış edərək, öz rayonlarında həyata keçirilən tədbirlər və qarşıya qoyulan məqsədlər barədə məlumat veriblər. Tədbir müzakirələrlə davam etdirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.