Tovuzda Milli Dirçəliş Günü qeyd edilmişdir
Tovuz, 16 noyabr (AZƏRTAC). Tovuz rayonunda 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ olduğunu qeyd etmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində xidmətlərindən, ölkədə gedən sosial-iqtisadi inkişafdan bəhs olunmuş, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söhbət açılmışdır.
Həmin dövrdə baş vermiş hadisələr xatırlanmış və qeyd olunmuşdur ki, 1988-ci ildə xalq hərəkatının geniş vüsət aldığı bir vaxtda hakimiyyətdəki siyasi dairələr mövcud vəziyyəti qiymətləndirə bilməmişlər. Xalqın mənafeyindən daha çox imperiyanın maraqlarını düşünən bu şəxslərin siyasi səbatsızlığı ucbatından ölkədə böyük fəlakət və faciələr yaşanmışdır. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında olmamışdır. Həmin ağır məqamlarda xilaskar missiyasını məharətlə yerinə yetirən ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymamışdır .
1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilmişdir. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru tarixi yolun başlanğıcı qoyulmuşdur.