Tsxinvali Akademik Teatrında “Əli və Nino” əsərinin motivləri əsasında tamaşa hazırlanıb
Tbilisi, 30 aprel, AZƏRTAC
İvane Maçabeli adına Tsxinvali Akademik Teatrı “Əli və Nino” əsərinin motivləri əsasında yeni tamaşa hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki Rustaveli Teatrında tamaşanın premyerası olacaq.
İvane Maçabeli adına Tsxinvali Akademik Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze AZƏRTAC-a bildirib ki, tamaşa Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əldə olunmasının 100 illiyinə həsr olunub.
Premyerada Azərbaycanın və Gürcüstanın dövlət himnləri səslənəcək, hər iki ölkənin folklor nümunələri təqdim olunacaq.
Gürcüstanın Mədəniyyət və Gənclər Nazirliyinin layihəsi əsasında hazırlanmış tamaşanın premyerasında Azərbaycanın və Gürcüstanın hökumət və dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Bədii rəhbərin sözlərinə görə, yaxın vaxtlarda tamaşanın Bakıda da nümayişi nəzərdə tutulub.
Tamaşada rolları gürcü aktyorlar ifa edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi