Tullantıların idarə olunması ilə bağlı yeni Fərman ekoloji təhlükəsizlik üçün strateji addımdır ŞƏRH
Bakı, 15 may, AZƏRTAC
Prezident İlham Əliyevin ötən gün imzaladığı “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman olduqca mühüm və zamanın çağırışlarına cavab verən strateji qərardır. Bu addım, xüsusilə regionlarda mövcud olan problemlərin həlli, ekoloji təhlükəsizliyin gücləndirilməsi, tullantıların düzgün idarə edilməsi və bu sahədə vahid dövlət nəzarətinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması dövlətimizin ekoloji siyasətə verdiyi önəmin bariz nümunəsidir. Bu gün bəzi bölgələrdə tullantıların çeşidlənməsi, daşınması və utilizasiyası ilə bağlı ciddi çətinliklər mövcuddur. Yeni agentliyin fəaliyyəti həmin problemlərin daha sistemli və operativ şəkildə həllinə, müasir idarəetmə mexanizmlərinin tətbiqinə və ətraf mühitin qorunmasına mühüm töhfə verəcək.
“Bu Fərman, eyni zamanda, gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılması istiqamətində atılmış vacib addımdır. Hesab edirəm ki, bu qərar ölkəmizdə yaşıl inkişaf siyasətinin daha da güclənməsinə, regionlarda ekoloji vəziyyətin yaxşılaşmasına və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edəcək. Dövlətimizin başçısının bu sahəyə xüsusi diqqəti bir daha göstərir ki, Azərbaycan dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələlərini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edir”, - deyə F.Yıldırım vurğulayıb.