Tuluzda 8 Noyabr-Zəfər Günü təntənə ilə qeyd edilib
Paris, 8 noyabr, AZƏRTAC
Fransadakı səfirliyimizin, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan İcması Birliyi -AİB” Cənub-Qərb Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Tuluz şəhərində 8 Noyabr-Zəfər Günü təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Fransadakı səfirliyimizin I katibi Vüqar Əliyev Tuluzda yaşayan soydaşlarımızı Səfir Rəhman Mustafayevin adından salamlayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən söz açıb. Vurğulayıb ki, şəhidlərimizin, qazilərimizin sayəsində bütün soydaşlarımız artıq başını uca tutub gəzir. Harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız 44 günlük Vətən müharibəsində birlik, həmrəylik nümayiş etdirdilər, Ali Baş Komandanın ətrafında sıx birləşdilər.
V. Əliyev Tuluzda yaşayan soydaşlarımıza Vətən müharibəsi günlərində həmrəylik göstərərək, Ordumuza yardım etmək məqsədilə Dəstək Fondu yaratdıqları üçün təşəkkür edib. Birliyimizin, həmrəyliyimizin ən böyük sərvətimiz olduğunu bildirib. Soydaşlarımızı ali dəyərlərimiz ətrafında birliyə çağırıb. Azərbaycan icmasının üzvlərini Zəfər bayramı münasibətilə təbrik edib.
Zəfər bayramına həsr edilmiş tədbirdə Tuluz və onun ətrafında yaşayan Azərbaycan və türk diasporlarının üzvləri qatılıb.
Tədbirdə Azərbaycan əsilli uşaqların rəsmlərindən ibarət sərgi nümayiş olunub. Uşaqlar Zəfər bayramı münasibətilə Vətənimizə, Ordumuza həsr edilmiş şeirlər söyləyiblər. Uşaqlara mükafat təqdim olunub. Tədbir musiqi proqramı ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Tuluz